Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

2135070
Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

 

  Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

  “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyində paytaxt Ankarada yaşayan azərbaycanlı mədəniyyət, incəsənət və media nümayəndələrilə görüşdə bildirilib.

  Səfirliyin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov deyib ki, Qarsdan başlayaraq Türkiyənin bütün regionlarında rəngarənk mədəniyyət proqramları təşkil ediləcək.

  S.Abbasovun sözlərinə görə, Mədəniyyət Mərkəzi Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına uyğun olaraq, Türkiyədə Azərbaycanın mədəniyyət, elm, tarix, dil, ədəbiyyat, incəsənət və musiqi dəyərlərini təbliğ etmək funksiyasını üzərinə götürüb: “Zəngin ənənələrə malik Azərbaycan klassik opera musiqisini Türkiyədə tanıtmalıyıq. Azərbaycanın zəngin mədəniyyəti, böyük musiqisi, Şərqin ilk opera sənətimiz, mükəmməl rəssamlıq və heykəltaraşlıq məktəbimiz var. Dünyaya çox sayda dahilər bəxş edən Azərbaycanı qürurla təbliğ etməliyik.

  Görüləcək işlərimiz çoxdur. Muzeylərimizin, kitabxanalarımızın da qarşılıqlı olaraq tanıdılması üçün fəaliyyət göslərəcəyik. Türkiyədəki kitabxanaların Azərbaycan bölmələrini zənginləşdirmək səyindəyikş Muzeylərlə aktiv işlər görəcək və Azərbaycandan Türkiyəyə eksponatlar gətirəcəyik.

  Regionlarımızdan qədim xalçalarımızı gətirərək Türkiyənin müxtəlif bölgələrində nümayiş etdirəcəyik.

  Azərbaycanın moda sənətini tanıtmaq üçün dəfilələrin təşkili də nəzərdə tutulub”.

  İki ölkə arasındakı ədəbi əlaqələr üçün konfransların təşkil ediləcəyini də söyləyən Samir Abbasov rəsm sərgiləri, Azərbaycan filmlərinin nümayişi üçün fəaliyyətlərin də nəzərdə tutulduğunu deyib: “Azərbaycanla bağlı tədqiqatlara Türkiyənin daha çox alimlərinin cəlb olunmasına şərait yaradacağıq.

  Türkiyə ilə Azərbaycan tarixinin fərqli dövrləri, xüsusilə də Qərbi Azərbaycan, Qarabağ mövzularında layihələr gerçəkləşdirəcəyik.

  Önəmli məsələlərdən biri də Türkiyə sosial şəbəkələrində aktivliyimizi artırmaqdır. Türkiyə sayt və telekanallarında Azərbaycanın mədəniyyət xadimləri və sənətçilərini qonaq qismində görmək istəyirik.”

  Qeyd edək ki, Azərbaycan Səfirliyi nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi bunlarla yanaşı müxtəlif konsert proqramları, əyləncəli, çal-çağırlı, rəngarənk proqramların təşkili, Azərbaycan mətbəxinin nümayişi üçün də təklifləri dəyərləndirərək, öz dəstəyini göstərəcək.



Әlaqәli Xәbәrlәr